İtalyan mətbəxinin "şah əsəri" sayılan pizzanı, yəqin ki, sevməyən yoxdur, ən çox da uşaqlar. Lakin adətən xəmir hazırlamaq vaxt apardığı üçün bir çox işləyən xanımlar övladlarına bu sevinci nadir halda yaşadırlar.

Lakin Foodinfo.az  bunun da çarəsinin olduğunu sübut etmək üçün xanımlara xəmirsiz, asan hazırlanan pizza reseptini təqdim edir. "Xəmirsiz də pizza olar?" deyirsinizsə, cavab veririk: "Bəli! Lavaşla".

Lazım olan ərzaqlar:

Lavaş -3 ədəd
Bərk pendir - 100-150 qr.
Pomidor - 1 ədəd
Bibər - 1 ədəd
Kolbasa – 200 qr.
Ketçup - 3 x.q
Mayonez - 3 x.q.

Hazırlanma qaydası

Dəmir soba qabınına "kalka" səririk və bitki yağı ilə yağlayırıq. Üzərinə lavaş qoyuruq və üstünə mayonez çəkib bir az pendir rəndələyirik. Daha sonra eynisini ikinci lavaş ilə edirik. Üçüncü lavaşın üzərinə ketçupla mayonezin qarışımını çəkirik. (mayonezi xama ilə əvəzləmək və yaxud heç qatmamaq olar).

Daha sonra kolbasa, pomidor, bibər və istənilən digər ərzaqları düzürük və rəndələnmiş pendiri səpirik. 

180 dərəcəyədək qızdırılmış sobada 15 dəqiqə bişiririk.

Tez və rahat hazırlanan bu qat-qat pizzadan əlavə, tavada da oxşarını hazırlaya bilərsiniz.

Bunun üçün lavaşı bürmələyib əriştə kimi xırda və uzun doğrayırsınız. Yağlı tavaya qoyub üzərinə yumurta əlavə edir və digər ləvazimatları düzürsünüz. Sonda pendiri də rəndələyib, qapağı bağlayırsınız. Nəticədə pizzadan geri qalmayan, çox ləzzətli səhər yeməyi alınır.


Nuş olsun!

 

Leyla