
Soyuducuda və ya mətbəx rəfində uzun müddət qalan sarımsaqların içərisindən yaşıl cücərti çıxdığını görmək hər kəsə tanışdır. Çoxları bu halı görən kimi sarımsağı atmağa tələsir. Bəs əslində cücərmiş sarımsaq sağlamlıq üçün zərərlidir, yoxsa əksinə faydalıdır?
Foodinfo.az xəbər verir ki, cücərmə sarımsağın yenidən böyüməyə başlama prosesidir. Bu, onun canlı və təbii olduğunu göstərir. Əgər sarımsağın dişi hələ yumşalmayıbsa və kiflənməyibsə, deməli istifadəyə yararlıdır.
Araşdırmalara görə, sarımsaq cücərdikdə tərkibindəki antioksidantların miqdarı artır. Xüsusilə sələnyum, allisin kimi maddələrin cücərmiş sarımsaqda daha güclü təsirə malik olduğu müşahidə olunub. Bu da onu xərçəngə qarşı qoruyucu, immun sistemini gücləndirici bir qida halına gətirir.
Cücərmiş sarımsağın dadı bir qədər acı və kəskin ola bilər. Əgər bu dad xoşunuza gəlmirsə, sadəcə yaşıl cücərti hissəsini ayırıb istifadə etmək olar. Ancaq sarımsaq yumşalmış, kiflənmiş və ya xoşa gəlməz qoxu verirsə, o zaman atılması məsləhətdir.