Çay, xüsusilə qara çay, dünyanın ən populyar içkilərindən biridir və bir çoxları üçün yeməkdən sonra rahatladıcı bir adət halına gəlib. Foodinfo.az bildirir ki, çay içmək yeməkdən dərhal sonra bəzi qida maddələrinin sorulmasına təsir göstərə bilər. Çayın tərkibindəki taninlər dəmirin bağırsaqlarda sorulmasını azaldır.

Xüsusilə qırmızı ət və ya digər dəmir mənbələri ilə zəngin yeməklərdən sonra çay içmək, bədənin dəmir udma qabiliyyətini əhəmiyyətli dərəcədə azalda bilər. Bununla yanaşı, çayın digər faydalı təsirləri də var: o, antioksidantlar və flavonoidlər baxımından zəngindir, bu da orqanizmə müsbət təsir edir.

Lakin dəmir ehtiyacı olan şəxslər – məsələn, vegeterianlar və ya hamilə qadınlar – çayı yeməkdən əvvəl və ya sonra bir müddət içməməyə üstünlük verməlidirlər. Həmçinin, çay içmək istəyənlərə daha çox yüngül, zəif çaylar tövsiyə edilir ki, bu da təsirin az olmasına səbəb olur.

Çayın yerinə, yeməkdən sonra su içmək və ya C vitamini ilə zəngin içkilərdən istifadə etmək dəmirin sorulmasını artırmağa kömək edə bilər.