İnsanların gün ərzində özünü tez-tez ac hiss etməsi bəzən təkcə qidalanma ilə bağlı olmur. Foodinfo.az Qazeta.ru-ya istinadla xəbər verir ki, mütəxəssis Polina Soboleva daimi aclıq hissinə təsir edən müxtəlif amillərdən danışıb.
Onun sözlərinə görə, bədəndə zülal, lif, faydalı yağlar, D və B qruplarına aid vitaminlər, habelə maqnezium və dəmir kimi maddələr çatışmadıqda, insan nə qədər çox yemək qəbul etsə də toxluq hissi yaranmaya bilər. Bu halda beyin bədəni doyurmaq üçün yenidən qida tələbi formalaşdırır.
Soboleva bildirib ki, boş enerjili, ancaq maddə baxımından kasad yeməklər tez aclıq yaradır. İnsan miqdar olaraq çox qida qəbul edir, lakin bədən ehtiyac duyduğu maddələri almadığı üçün aclıq hissi davam edir.
Onun fikrincə, az yuxu da aclığı artıran başlıca səbəblərdəndir. Yuxusuzluq iştahanı idarə edən hormonların tarazlığını pozur və bu da insanın daim nəyəsə meyil etməsinə gətirib çıxarır.
Mütəxəssis vurğulayıb ki, aclıq hissinin yayğın səbəblərindən biri də susuzluqdur. Hipotalamusda aclıq və susuzluq siqnallarına cavab verən mərkəzlər yanaşı yerləşdiyi üçün bədən bəzən bu iki siqnalı səhv sala bilər. Su azlığı olduqda bədən bunu aclıq kimi qəbul edə bilər.
Soboleva tövsiyə edib ki, gün ərzində kifayət qədər su içmək, qidalanmanı maddə baxımından zəngin etmək və yuxu rejimini qaydaya salmaq aclıq hissini xeyli azaldır. Onun sözlərinə görə, bu addımlar həm enerjini artırır, həm də bədənin ehtiyac duyduğu maddələrin vaxtında alınmasına şərait yaradır.






