Dərmanları çay və ya qəhvə ilə qəbul etmək onların təsirini azalda və sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Bu barədə əczaçılıq üzrə fəlsəfə doktoru İqor Sokolskinin açıqlamasında bildirilir. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, çayın tərkibində olan taninlər bir çox dərman vasitələrinin aktiv maddələri ilə kimyəvi reaksiyaya girərək onların qana sorulmasının qarşısını ala bilər.

Mütəxəssisin sözlərinə görə, xüsusilə dəmir preparatları, ürək qlikozidləri və həzm sistemini yaxşılaşdıran dərmanlar bu təsirə daha həssasdır. Çay həmçinin oral kontraseptivlərin təsirini zəiflədə bilər. Bəzi antidepressantlarla birlikdə qəbul edildikdə isə həddindən artıq oyanıqlıq və yuxusuzluq yarada bilər.

Qəhvə də dərmanlarla uyğun deyil. Tərkibində yüksək miqdarda kofein olduğuna görə bəzi qeyri-steroid iltihabəleyhinə preparatların və ürək-damar sisteminə təsir edən dərmanların toksik təsirini gücləndirə bilər. Antibiotiklər və sakitləşdirici vasitələr kofeinlə birlikdə qəbul edildikdə effektivliyini azalda bilər. Bundan əlavə, qəhvənin sidikqovucu təsiri dərmanın orqanizmdən daha sürətli xaric olunmasına səbəb olur.

Mütəxəssislər dərmanları yalnız otaq temperaturunda olan qazsız və təmiz su ilə qəbul etməyi tövsiyə edirlər.