“Euronews” telekanalı Şəki pitisi haqqında süjet hazırlayıb.
Süjetdə pitinin ən məşhur və yağlı Azərbaycan şorbası olduğu bildirilib: onu bütün respublikada hazırlayırlar, ancaq onun vətəni qədim Şəki şəhəri hesab edilir.
Qeyd edilib ki, yeməyin əsas hissəsini qoyun əti təşkil edir. Onun tərkibinə noxud, kartof, qoyun piyi, şabalıd da qatılır.
“Piti qədim Böyük İpək yolunun keçdiyi Şəki şəhərinin əsl vizit kartıdır. Bu gün də Şəki dadlı yemək həvəskarlarını özünə cəlb edə bilir.
Budur, piti masadadır. Amma yemək hələ başlamayıb. Yeməyin suyunu ayrı qaba çıxarıb, içərisinə lavaş qatdıqdan sonra onu yemək olar”.
Telekanalın müsahibi Zamir Salahov bildirib: “Piti Şəki şəhərinin qədim yeməklərindən biridir. Onu yerli kəndlilər bişiriblər. Bu yemək insanı uzun müddət aclıqdan qoruyur. Bu gün hamı bu yeməyi sevir”.