
Dietoloq və tibb elmləri namizədi Daria Rusakova çayın həddindən artıq istifadəsinin sağlamlığa zərərli təsirlərindən danışıb. Foodinfo.az bildirir ki, mütəxəssis çayın tərkibindəki taninin dəmirin orqanizmə sorulmasını çətinləşdirdiyini və kofeinin sinir və ürək-damar sisteminə mənfi təsir göstərə biləcəyini bildirib.
O, “Moskva 24” saytına müsahibəsində çayın normadan artıq qəbulu zamanı orqanizmdə maye balansının pozulduğunu qeyd edib. Rusakovanın sözlərinə görə, artıq maye qanda natrium, kalium, maqnezium kimi mineralların miqdarında balanssızlığa səbəb ola bilər.
Mütəxəssis əlavə edib ki, çayı çox duzlu yeməklərlə qəbul etdikdə bədəndə maye saxlanması riski artır. Bu isə qan təzyiqinin yüksəlməsinə və digər narahatlıqlara yol aça bilər.
Onun fikrincə, çay gündə maksimum 3-4 fincan miqdarında qəbul edilməlidir. Əks halda, orqanizmin mineral balansında dəyişikliklər baş verə bilər.