Gündəlik həyatımızda yeməkləri təkrar qızdırmaq adi haldır. Foodinfo.az bildirir ki, bəzi qidalar bu zaman qida dəyərini itirməklə yanaşı, sağlamlıq üçün zərərli ola bilər. Məsələn, ispanaq, kərəviz və çuğundur yenidən qızdırıldıqda tərkibindəki nitratlar zərərli nitritə çevrilə bilər.

Bu isə orqanizmdə oksigen daşınmasını çətinləşdirən maddələrin yaranmasına səbəb olur. Eyni zamanda toyuq və yumurta da təkrar qızdırıldıqda zülalların quruluşu dəyişə və həzmi çətinləşdirə bilər. Düyü uzun müddət otaq temperaturunda qaldıqdan sonra qızdırılarsa, bakteriyaların yaranma riski artır.

Qızdırılacaq yeməklərin soyuducuda saxlanması, düzgün qabda və uyğun temperaturda istiləşdirilməsi vacibdir. Qidaları bir dəfədən artıq qızdırmaq isə qətiyyən məsləhət görülmür. Sağlamlıq baxımından ən uyğun üsul, qalan yeməyi mümkün qədər tez istifadə etməkdir.