Kərə yağı Azərbaycan mətbəxində geniş istifadə olunan ənənəvi yağ növlərindən biridir. Xüsusilə plov, şorba və xəmir yeməklərində kərə yağı həm ləzzət verir, həm də enerji mənbəyi kimi çıxış edir. Lakin son illər sağlam qidalanma ilə bağlı aparılan araşdırmalar bu yağın faydaları ilə yanaşı mümkün zərərlərinə də diqqət yetirməyə başlayıb.

Foodinfo.az xəbər verir ki, kərə yağı inək südündən hazırlanır və əsasən süd yağlarından ibarətdir. Tərkibində təxminən 80-82% yağ,(əsasən doymuş yağ turşuları), 15-17% su, A, D, E, K vitaminləri və az miqdarda zülal olur.

Kərə yağının faydaları:

- Yağda həll olan vitaminlərlə zəngindir.

- Təbii enerji mənbəyidir.

- Qidaların dadını yaxşılaşdırır.

- Kalsiumun sorulmasına kömək edir (D vitamini ilə).

- Saflaşdırılmış kərə yağı daha asan həzm olunur və bəzən mədə üçün daha yüngül sayılır.

Kərə yağının potensial zərərləri:

1. Kərə yağı yüksək miqdarda doymuş yağ ehtiva edir. Həddindən artıq doymuş yağ qəbulu qan damarlarında xolesterin yığılmasına, ürək-damar xəstəlikləri riskinin artmasına, arteriyaların sərtləşməsinə səbəb ola bilər.

2. Hər 100 qram kərə yağında təxminən 200–250 mq xolesterin olur. Xüsusilə xolesterini yüksək olan şəxslər bu yağı nəzarət altında və az miqdarda istifadə etməlidir.

3. Kalori baxımından çox zəngindir.1 yemək qaşığı (təqribən 14 qram) kərə yağında təxminən 100–110 kalori var. Arıqlamaq istəyən və ya artıq çəkidən əziyyət çəkən şəxslər üçün yüksək kalorili olması problem yarada bilər.

4. Bəzi hallarda bazarda satılan kərə yağı adlandırılan məhsullar süni yağlarla qarışıq ola bilər. Bu zaman onun zərərləri ikiqat artır.

Ümumi qaydaya əsasən, gündəlik yağ ehtiyacının doymuş yağlardan gələn hissəsi ümumi kalorinin 10%-dən artıq olmamalıdır. Bu da təxminən gündə 1–2 çay qaşığı kərə yağına bərabərdir (şəxsi sağlamlıq vəziyyətinə görə dəyişə bilər).

Kərə yağı təbii və təmiz olduğu təqdirdə, az miqdarda istifadə edildikdə zərərli sayılmır. Əsas məsələ – miqdar və balansdır. Sağlam qidalanmada kərə yağı tamamilə rədd edilməməli, lakin digər yağlarla birlikdə ölçülü şəkildə istifadəsi tövsiyə olunur.