Qış mövsümü orqanizmin virus infeksiyalarına daha həssas olduğu, vitamin çatışmazlığı və enerji azalmasının tez-tez müşahidə edildiyi dövrdür. Foodinfo.az bildirir ki, mütəxəssislər bu aylarda düzgün qidalanmanı immun sisteminin əsas dayaqlarından biri hesab edirlər. Həkim-dietoloq Marayna Cütova qışda sağlam qalmaq üçün bir neçə vacib tövsiyə ilə çıxış edib. Onun sözlərinə görə, soyuq havalarda bədən istiliyini qorumaq üçün orqanizm daha çox enerji sərf edir. Bu səbəbdən gündəlik rasionda mürəkkəb karbohidratların payı artırılmalıdır.

Mütəxəssis tam taxıllı məhsulların – yulaf, qarabaşaq və qəhvəyi düyünün uzunmüddətli enerji verdiyini vurğulayır. Paxlalılar və mövsümi tərəvəzlər həm toxluq hissini artırır, həm də bağırsaq florasının sağlamlığını dəstəkləyir. Bağırsaq mikroflorasının güclü olması isə birbaşa immunitetin möhkəmlənməsi ilə əlaqəlidir. Qış aylarında C vitamini və antioksidantlarla zəngin qidalara üstünlük verilməsi də tövsiyə olunur.

Həkim eyni zamanda kifayət qədər su qəbulunun vacibliyini xatırladır, çünki soyuq havalarda susuzluq hissi azalsa da, orqanizmin mayeyə ehtiyacı qalır. Zülal mənbələri – balıq, yumurta və süd məhsulları immun hüceyrələrin bərpasında mühüm rol oynayır. Fiziki aktivliyin azalmasının qarşısını almaq üçün ev şəraitində yüngül hərəkətlər məsləhət görülür. Mütəxəssislər bildirir ki, balanslı qidalanma və düzgün həyat tərzi qış aylarını daha sağlam və enerjili keçirməyə kömək edir.