Kefirə əsaslanan pəhriz qısa müddətli çəki azalması və həzm sisteminin yüngülləşməsi ilə bağlı tez-tez seçilən üsullardan biridir. Foodinfo.az xəbər verir ki, bu pəhriz müəyyən hallarda fayda versə də, onun uzun müddət davam etdirilməsi orqanizm üçün ciddi risklər yarada bilər.

Nütrisionist Galina Plotnikova “Çempionat”a açıqlamasında bildirib ki, kefir pəhrizi əsasən üç məqsədlə tətbiq olunur: çəkinin korreksiyası, həzmin yaxşılaşdırılması və bağırsaq mikrobiotasının tarazlaşdırılması. Onun sözlərinə görə, kefirin tərkibindəki faydalı bakteriyalar immuniteti dəstəkləyir, lakin bu, pəhrizin təhlükəsiz şəkildə tətbiqi üçün hələ kifayət etməyə bilər.

Mütəxəssis vurğulayıb ki, ciddi kefir monodietasına yalnız iki-üç gün riayət etmək mümkündür və bu, daha uzun davam etdikdə orqanizmdə zəifləmə, enerji çatışmazlığı və maddələr mübadiləsinin pozulması ilə nəticələnə bilər. Daha yumşaq variantda isə kefir toyuq əti, balıq və yumurta kimi zülak mənbələri ilə tamamlandıqda dairəvi şəkildə 5–7 gün davam etdirilə bilər. Pəhrizin ən yüngül forması isə tərəvəzlər və tam taxıllı qarışıqların əlavə edildiyi seçimdir ki, bu variant orqanizmi daha az yükləyir.

Lakin Plotnikova xəbərdarlıq edir ki, hətta yüngül variantlar belə davamlı formada tətbiq olunmamalı, fasilələrlə və nəzarətlə aparılmalıdır. O bildirir ki, laktoza dözümsüzlüyü olan şəxslər, böyrək və qaraciyər problemi yaşayanlar, həmçinin hamilə və süd verən qadınlar bu pəhrizdən tamamilə uzaq durmalıdırlar. Həmçinin mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlər üçün kefir pəhrizi əlavə risk yarada bilər. Uzun müddət tək məhsula əsaslanan qidalanma orqanizmdə vitamin və mineral çatışmazlığına gətirib çıxara bilər ki, bu da ümumi sağlamlığı zəiflədir.

Mütəxəssis tövsiyə edir ki, pəhrizə başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır və heç bir halda özbaşına uzunmüddətli monodietalara girişmək olmaz. Onun sözlərinə görə, sağlam və davamlı arıqlama yalnız balanslı qidalanma və düzgün həyat tərzi ilə mümkündür.