
Tanınmış rusiyalı dietoloq Yelena Solomatina, açıq satışda təklif olunan kəsilmiş qarpız və qovunların sağlamlıq üçün təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib. Foodinfo.az xəbər verir ki, onun sözlərinə görə, bu məhsulların gigiyenik qaydalara əməl edilmədən doğranması və saxlanması nəticəsində bakterial çirklənmə riski artır.
Mütəxəssis bildirib ki, çox zaman satıcılar qarpızı yarıya bölərək və ya dilimləyərək təqdim edir, lakin bu, qəti şəkildə yolverilməzdir. “Biz bilmirik ki, həmin bıçaq əvvəlcə nə ilə istifadə olunub və nə dərəcədə təmizdir. Üstəlik, açıq havada saxlanılan qarpızlar artıq bakteriya ilə çirklənmiş ola bilər,” – deyə Solomatina qeyd edib.
O əlavə edib ki, bu meyvələr doğrandıqdan sonra içərisindəki şəkərli mühit bakteriyalar üçün ideal çoxalma şəraitinə çevrilir. Bu da mədə-bağırsaq pozğunluqları, qida zəhərlənmələri və infeksion xəstəliklərə yol aça bilər.
Dietoloqun fikrincə, kəsilmiş qarpız və qovun yalnız nəzarətli şəraitdə – soyuducu sistemlərlə təmin olunmuş supermarketlərdə alındıqda nisbətən təhlükəsiz sayılır. Yol kənarında və ya açıq bazarlarda satılan dilimlənmiş meyvələr isə ciddi təhlükə mənbəyidir.
Solomatina həmçinin bildirib ki, meyvənin yetişib-yetişmədiyini yoxlamaq məqsədilə onun kəsilməsi gigiyenik baxımdan düzgün deyil və bu vərdişin aradan qaldırılması vacibdir.