Maddələr mübadiləsini sürətləndirən və orqanizmin enerji sərfiyyatını artıran qidalar açıqlanıb. Foodinfo.az bildirir ki, bu barədə dietoloq, tibb elmləri namizədi Mixail Ginzburq məlumat verib. Ekspert “Veçernyaya Moskva” nəşrinə müsahibəsində bəzi içkilərin orqanizmdə enerji ehtiyatlarının sərf olunmasını dəstəklədiyini bildirib.

Onun sözlərinə görə, qəhvə, çay, jenşen və Çin maqnoliya üzümü bu xüsusiyyəti ilə seçilir. Ginzburq qeyd edib ki, bu içkilərin tərkibindəki kofein bədəni istiliyi qorumaq üçün daha çox enerji sərf etməyə vadar edir. Eyni zamanda kofein adrenalin istehsalını stimullaşdıraraq yağların parçalanmasını da sürətləndirir.

Dietoloq vurğulayıb ki, ədviyyatlar və müxtəlif ədviyyəli qidalar da maddələr mübadiləsini canlandıran təsirə malikdir. Mütəxəssis əlavə edib ki, bu məhsullar istilik şəklində ayrılan enerjinin nisbətini artırır və yeməklərin həzmini yaxşılaşdırır.

Ginzburq onu da qeyd edib ki, bu qidalar pəhriz saxlayanlar və artıq çəkidən əziyyət çəkənlər üçün də faydalı seçim ola bilər. Onun fikrincə, düzgün qida seçimi orqanizmin enerji balansını tənzimləməkdə mühüm rol oynayır.