Tibb elmləri doktoru, həkim Dmitri Edelev isti havalarda mayonezli qidaların istifadəsinin ciddi risklər daşıdığını bildirib. Foodinfo.az bildirir ki, ekspert bu fikirləri İctimai Xəbər Xidmətinə müsahibəsində səsləndirib.

Edelevin sözlərinə görə, mayonez tez xarab olan məhsuldur, çünki tərkibində bişməmiş yumurta olur. Bu da onu isti hava şəraitində xüsusilə təhlükəli edir.

Mütəxəssis izah edib ki, mayonezdə olan sirkə və ya limon suyu yalnız patogen bakteriyaların çoxalmasını yavaşlada bilər, tamamilə qarşısını almır.

O, həmçinin vurğulayıb ki, sənaye üsulu ilə hazırlanmış mayonezlərə əlavə olunan kalium sorbat və natrium benzoat saxlama müddətini artırsa da, ev şəraitində hazırlanan mayonez bir neçə saatlıq istidə belə təhlükə yarada bilər.

Edelev tövsiyə edir ki, mayonez istifadə olunmazdan əvvəl mütləq son istifadə tarixi yoxlanılsın. Eyni zamanda, isti havalarda bu tip qidaların 30 dəqiqədən çox açıq şəraitdə saxlanılması yolverilməz hesab edilir.

Həkim xüsusilə pikniklər və açıq hava tədbirlərində mayonezli salat və yeməklərin istifadəsinə qarşı ehtiyatlı davranmağı məsləhət görüb.