Qara dəniz taxıl sazişinin müddəti ilə bağlı müqavilədə iştirak edən ölkələr arasında fikir ayrılığı yaranıb.

 Foodinfo.az xəbər verir ki, Rusiya və Ukrayna rəsmiləri sazişin vaxtı ilə bağlı fərqli rəqəmlər açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova sazişin 60 gün müddətinə uzadıldığını bildirib.

Ukraynanın icmaların, ərazilərin və infrastrukturun inkişafı naziri Aleksandr Kubrakov isə tviter hesabında qeyd edib ki, Kiyev taxıl sazişinin müddətinin daha 120 gün uzadılması ilə əlaqədar Türkiyə və BMT ilə razılıq əldə edib.

BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik isə ümumiyyətlə sazişin hansı müddətə uzadıldığı barədə məlumatının olmadığını deyib.

Qeyd edək ki, taxıl sazişinin müddəti martın 18-də başa çatıb.

Xatırladaq ki, iyulun 22-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antoniu Quterreşin iştirakı ilə Ukrayna limanlarından taxılın təhlükəsiz daşınmasına dair saziş imzalanıb. Sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar.

Türkiyənin koordinasiyası ilə həyata keçirilən saziş qlobal ərzaq böhranının həllinə yönəlib.