Qırmızı balıq növləri sağlam qidalanmada mühüm yer tutur, lakin onların arasında faydalılığı ilə xüsusi seçilən növ var. Foodinfo.az xəbər verir ki, həkim-qastroenteroloq Lyudmila Suxorukova NEWS.ru-ya açıqlamasında ən faydalı qırmızı balığın çavıça – yəni kral qızılbalığı olduğunu bildirib.

Mütəxəssisin sözlərinə görə, çavıça tərkibində rekord miqdarda omeqa-3 çox doymamış yağ turşuları ilə seçilir. Bu xüsusiyyətinə görə balıq ürək-damar xəstəliklərinin profilaktikasında və beyin fəaliyyətinin dəstəklənməsində mühüm rol oynayır. Həkim vurğulayıb ki, omeqa-3 yağ turşuları damarların elastikliyini qoruyur və yaddaş funksiyalarının yaxşılaşmasına kömək edir.

Bundan əlavə, çavıça D vitamini və selenlə zəngindir. Bu maddələr sümük sağlamlığının möhkəmləndirilməsi və ümumi orqanizm funksiyalarının qorunması üçün vacib sayılır. Balığın tərkibində olan təbii piqment – astaksantin isə güclü antioksidant təsir göstərir və yaşlanma proseslərinin ləngiməsinə töhfə verir.

Mütəxəssislər qeyd edirlər ki, çavıça balığının mütəmadi, lakin ölçülü şəkildə qəbulu sağlam qidalanma rejimini daha balanslı və faydalı edə bilər.