El arasında min bir dərdin dərmanı kimi tanınan vələmir bitkisi günümüzdə arpa və buğdadan sonra becərilən üçüncü taxıl növüdür. Təbii qida mənbəyi kimi tanınan bu bitki növünün özünəməxsus əkin, gübrələmə və dərmanlama proqramı mövcuddur.
Vələmir bitkisinin yetişdirilməsi
Vələmir bitkisindən bol məhsul əldə etmək üçün təmiz toxum seçilməli, iqlim şəraitinə diqqət edilməli, su və gübrələmə prosesləri mütəmadi şəkildə tətbiq edilməlidir.
Vələmirin iqlim tələbatı
Vələmir bitkisi buğda və arpadan fərqli olaraq iqlim tələbatı yüksək olan bitki növüdür. Çiçəkləmə dövründə temperatur 15 dərəcədən çox olmamalıdır. İllik yağıntının miqdarı 700-800 mm olan bölgələr vələmir əkini üçün ən ideal sahələrdir.
Vələmirin torpaq tələbatı
Vələmir bitkisi torpaq növü baxımdan seçici olmasa da, bol məhsul əldə etmək üçün torpaq qida maddələri ilə zəngin olmalıdır. Rütubətliliyi tələb olunan normada olan, gilli, qumlu, humusla zəngin torpaqlar vələmir becərilməsi üçün əlverişlidir. Bundan başqa, vələmir bitkisi torpağın şoranlığına da kifayət qədər davamlı bitkidir.
Torpaqda pH səviyyəsi, ölçülməsi və tənzimlənməsi haqqında geniş məlumat əldə edin.
Vələmir toxumlarının əkini
Vələmir bitkisinin əkinindən öncə torpağın hazırlanması prosesləri həyata keçirilir. Torpağın havalanması, suyun bərabər paylanması, həmçinin torpaqda alaq otlarının, zərərverici və xəstəliklərin qarşısını almaq üçün hazırlanma mərhələsi vacibdir. Vələmir toxumlarının 98% təmizliyə və 90% cücərmə qabiliyyətinə malik olması arzuolunandır. Toxumların əkindən öncə dərmanlanması məqsədəuyğundur. Yaz əkini torpaqda temperatur 2-3 dərəcəyə çatdıqda aparılır. Əkin 10 gün gecikərsə, məhsuldarlıq da buna paralel olaraq 10% azalır. Payızlıq vələmirin ən optimal səpin müddəti oktyabrın birinci on günlüyünə təsadüf edir.
Hər kvadratmetrə 450-550 cücərən toxum səpini həyata keçirilir. Sıralar arasındakı məsafə 12,5 sm, 10 sm və ya hətta 6-8 sm, əkin dərinliyi isə 2-4 sm təşkil edir. Hər hektara səpiləcək toxum miqdarı 120-140 kq aralığında olmalıdır.
Vələmir bitkisinin su tələbatı
Vələmir bitkisi buğda və arpa ilə müqayisədə suya daha çox ehtiyac duyan bitki növüdür. Buna görə də suyun bərabər paylanması üçün əkindən öncə torpağın haızrlanması ilkin mərhələdə ən vacib şərtlərdəndir. İllik yağıntının 700-800 mm olduğu bölgələrdə vələmir asanlıqla yetişdirilə bilər. Quraq rayonlarda isə suvarma müntəzəm olaraq həyata keçirilməlidir. Suvarma müddəti və miqdarı torpaq-iqlim şəraiti, bitkinin suya olan tələbatına uyğun aparılmalıdır.
Vələmir bitkisinin gübrələnməsi
Vələmir becərilməsinin birinci inkişaf mərhələsində qida maddələrin qəbulu ləng gedir. Lakin növbəti mərhələlərdə, xüsusilə çiçəklənmə dövründə azota tələbat artır. Böyümə sürətləndikcə bitkinin fosfora və kaliuma ehtiyacı artır. Orta hesablamalara əsasən, hektara 40 kiloqrama qədər təmiz azot və 40-60 kiloqram fosfor tətbiqi məqsədəuyğundur. Azotlu gübrələrin yarısı əkin zamanı, digər yarısı isə bitkinin çiçək salxımlarının formalaşdığı dövrə qədər verilir.
Azot, Fosfor və Kaliumlu gübrələr haqqında məlumat əldə edin.
Pestisid və Herbisidin nə olduğunu, növlərini və istifadə qaydalarını kəşf edin.
Vələmir bitkisi gübrələrinin və dərmanlarının satışı
Mütəxəssislər vələmir sahələrindən bol və yüksək keyfiyyətli məhsul yığımı üçün əkin proqramının yerinə yetirilməsinə xüsusi diqqət göstərilməsini, gübrə və dərman tətbiqinin vaxtında və düzgün miqdarda tətbiqini tövsiyə edir. Fermerlər ölkəmizin müxtəlif bölgələrində 200-dən çox satış nöqtəsi ilə təmsil olunan gubre.az aqrar ticarət şəbəkəsinə yaxınlaşaraq, keyfiyyətli gübrə və dərman çeşidlərini əldə edə bilər. Eyni zamanda təsərrüfat sahibləri 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq və ya gubre.az veb saytına və sosial media hesablarına (Instagram, Facebook, LinkedIn) daxil olaraq, sifarişlərini həyata keçirə bilər. Qeyd edək ki, subsidiyalı satış imkanlarından yararlanaraq və ya fermer kartı ilə bitki toxumlarını, həmçinin, bitki qoruma və bitki bəsləmə vasitələrini əldə etmək mümkündür.