Kətan toxumu müalicəvi xüsusiyyətlərə malik qidalardan biridir. A, C, E, F, K, B 12 vitaminlərilə, kalium, manqan, maqnezium, dəmir, sink, kalsium, yod kimi mikroelementlərlə, aminturşular və antioksidantlarla zəngindir. Foodinfo.az xəbər verir ki, tərkibindəki Omeqa-3 və Omeqa-6 yağlı turşular ateroskleroz riskini azaldır, pis xolesterolun səviyyəsini aşağı salır, ürəyin və beyin damarlarının fəaliyyətini yaxşılaşdırır. Kətan toxumu, həmçinin, mübadilə proseslərinə müsbət təsir edir, iltihabı müalicə edir. Eyni zamanda, mədə və bağırsaqları yaxşı təmizləyir, qəbizlikdən azad edir və arıqlamağa kömək edir. Bol lif tərkibi sayəsində uzun müddət toxluq hissi yaradır. Bu da lazımsız qida qəbulunun qarşısını almağa kömək edir. Kətan toxumu şəkər xəstələrinin də qidalanmasında önəmli  yer tutur, çünki qanda şəkərin səviyyəsini nizamlayır. Kətan toxumunun vacib xüsusiyyətlərindən biri də estrogen hormonunu artırmasıdır. Bunun sayəsində qadınların menstruasiya dövrünü daha rahat keçirməyə yardım edir. Tərkibindəki B12 vitamini isə yaddaşı gücləndirmək baxımından faydalıdır. Bəs kətan toxumunu necə və nə qədər yemək lazımdır? Kətan toxumunu üyüdüb, yeməklərə, salatlara qatıb yeyə bilərsiniz. Un məmulatları bişirdikdə buğda ununa, müxtəlif sıyıqlara, kəsmiyə əlavə etmək olar. Arıqlamaq məqsədilə istifadə etmək istəyənlər isə aşağıdakı qaydaya əməl etsinlər: 1-ci həftə: 1 desert qaşığı kətan toxumu unu + 100 qr qatıq, yaxud kefir. 2-ci həftə: 2 desert qaşığı un + 100 qr qatıq, yaxud kefir. 3-cü həftə: 3 desert qaşığı un + 150 qr qatıq, yaxud kefir. Bu qarışımı səhər yeməyi əvəzinə yeyə bilərsiniz. Çalışın hər gün 2 litr su içəsiniz. Mənbə: e-tibb.az