Sitrus meyvələrinin faydaları çoxlarına məlumdur. Çoxsaylı faydaları olan sitrus meyvələrindən biri də portağaldır. Misirdən olan məşhur kardioloq Camal Şaaban, portağalın gündəlik istifadəsinin həkimə müraciətlərin sayını azaltdığını iddia edib. Mütəxəssis bu barədə sosial şəbəkədə məlumat paylaşaraq bildirib ki, portağalın tərkibində bədəni toksinlərdən, zərərli maddələrdən təmizləyən güclü antioksidanlar var, bu da ürək-damar sisteminin normal fəaliyyəti üçün çox vacibdir. Onun sözlərinə görə, təbiətin bu qiymətli hədiyyəsində mövcud olan kalium duzları ürək ritminin sabitliyi, qan təzyiqi səviyyəsinin tənzimlənməsi üçün çox əhəmiyyətlidir.
Üstünlüklər siyahısında, damarlarda varikoz yaranmasının qarşısının alması, "yaxşı" xolesterol göstəricisinin normada qalması, xüsusilə də soyuq mövsümdə tənəffüs yolları infeksiyalarına qarşı müqaviməti artırıması da vurğulanıb.
Kardioloq əlavə edib ki, son tədqiqatlar da portağalın danılmaz faydalarını təsdiqləyib. On il ərzində izlənilən 2500-ə yaxın insanın qanında A, C, E vitaminlərinin konsentrasiyasını ölçdükdən sonra məlum olub ki, bu maddələrin nisbəti aşağı olan kişilərdə insult riski təxminən 2,5 dəfə artır.
Həmçinin ABŞ-dakı Klivlend Ürək Xəstəlikləri Mərkəzinin tədqiqatçıları tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, altı həftə ərzində gündə iki stəkan portağal suyu içmək sistolik qan təzyiqinin təqribən 10 millimetr azalmasına kömək edir.
Bir sözlə, gündəlik olaraq portoğal istifadəsi ürəyin sağlamlığını qoruyur, qan təzyiqini normada saxlayır, belə olan halda həkimlərə tez-tez müraciət etməyə ehtiyac qalmır.