Bu gün Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) öz üzvləri üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin iştirakı ilə görüş təşkil edib. Görüşdə Cənab Təhməzli qida təhlükəsizliyi sahəsində görülən işlər, qarşıya qoyulan hədəflər barədə danışıb.
Bununla yanaşı, tədbirdə bir neçə üzv şirkətin fəaliyyəti və xidmətləri barədə təqdimatlar nümayiş olunub. Diplomatik korpusun nümayəndələri də daxil olmaqla, tədbirdə AmCham-ın təxminən 100 üzvü və tərəfdaşı iştirak edib.
İlk olaraq, cənab Təhməzli biznes sektoru nümayəndələri ilə birbaşa görüş imkanına görə öz minnətdarlığını ifadə edib, həmçinin, dəvət üçün AmCham Azərbaycan-ın nümayəndələrinə, xüsusilə də AmCham-ın prezidenti Nuran Kərimova və İcraçı direktor Natəvan Məmmədovaya öz təşəkkürünü bildirib. O, eyni zamanda qida zəncirinin bütün mərhələlərində iştirak edən tərəflərin qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı üzərinə düşən məsuliyyətlərini diqqətə çatdırıb.
Q. Təhməzli istehlakçıların təhlükəsiz və minimum keyfiyyət tələblərinə cavab verən qida məhsulları ilə təmin etməklə onların həyat və sağlamlıqlarının, habelə maraqlarının qorunmasının sahibkarların əsas öhdəliklərindən olduğunu vurğulayıb. Cənab Təhməzli, həmçinin qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin Agentlik tərəfindən maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri görüş iştirakçılarının diqqətinə çatıdırıb.
Bununla yanaşı, o “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın əsas strateji hədəflərindən birinin bu sahədə dövlət-özəl sektor əməkdaşlığının inkişafı ilə bağlı olduğunu qeyd edib.