Dekabrın 18-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Qazaxıstan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Nurbek Daybekovun başçılıq etdiyi nümayəndə heyəti arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin məsul şəxsləri, o cümlədən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov iştirak edib.
Agentlikdən Foodinfo.az-a bildirilib ki, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında idxal və ixrac əməliyyatları, həmçinin bitkiçilik, at və atçılıq məhsulları və bu sahədə həyata keçirilən nəzarət tədbirlərinə həsr olunan görüşdə AQTA sədri Qoşqar Təhməzli son illərdə ölkəmizdə bitki sağlamlığının təmin olunması istiqamətində görülən işlər, istehsal və ixrac olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin yoxlanılması ilə bağlı iştirakçıları məlumatlandırıb.
Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun bitkiçilik məhsulları üzrə xüsusi olaraq ixtisaslaşmış laboratoriyalarında hazırda dünyanın ən qabaqcıl metodları ilə həyata keçirilən bitkiçilik məhsullarında entomoloji, bakterioloji və virusoloji ekspertizaların aparıldığını qeyd edən AQTA sədri, həyata keçirilən təhlükəsizlik tədbirləri çərçivəsində təsərrüfatlarda yeni, innovativ metodların tətbiqinin və genişləndirilməsinin əsas prioritetlərdən olduğunu vurğulayıb.
Qazaxıstanın kənd təsərrüfatı nazirinin müavini Nurbek Daybekov iki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində əməkdaşlığın hazırkı vəziyyətini yüksək qiymətləndirib, həmçinin qida məhsullarının, xüsusilə bitkiçilik məhsulları sahəsində ticarət dövriyyəsinin artırılması məqsədilə əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
[gallery ids="33677,33678"]