Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi, habelə qarşılıqlı bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində işləri davam etdirir. Foodinfo.az xəbər verir ki, AQTİ-nin bu müstəvidə növbəti onlayn görüşü Litva Milli Qida və Baytarlıq Risk Qiymətləndirilməsi İnstitutu ilə keçirilib. Görüş tərəflər arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi və genişləndirilməsi üzrə fikir mübadiləsi aparmaq məqsədilə təşkil olunub. Görüşdə AQTİ-də aparılan elmi-praktiki araşdırmalar və həyata keçirilən tədqiqat işlərindən söz açılıb, qida təhlükəsizliyi sahəsində tətbiqi nəzərdə tutulan yeniliklər, o cümlədən beynəlxalq standartların tətbiqi, peşəkar mütəxəssis hazırlığı və s. kimi məsələlərə toxunulub. Daha sonra qida təhlükəsziliyi, baytarlıq və fitonasitar sahədə mövcud vəziyyət ilə bağlı geniş fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri nəzərdən keçirilib. Görüş çərçivəsində ilkin əməkdaşlıq formalarının təyin edilməsi üçün bir çox mövzular araşdırılıb, həmçinin AQTİ tərəfindən prioritet istiqamətlərin müəyyən olunaraq qarşı tərəfə göndərilməsi üzrə razılıq əldə edilib.