Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında qərar imzalanıb.
Foodinfo.az xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Bildirilib ki, iqlim dəyişiklikləri və son dövrlər baş verən geosiyasi proseslər səbəbindən dünya bazarlarında əsas ərzaq mallarının qiymətlərində davamlı artım qeydə alınır, habelə qonşu ölkələrin bazarlarında həmin malların logistika-təchizat zəncirində problemlər yaranır.
Sənədə əsasən, siyahısı bu Qərarın əlavəsi ilə müəyyən edilən ərzaq mallarının və onların istehsalında istifadə olunan malların gömrük ərazisindən aparılması ölkədə mövcud olan ehtiyatlar və əhalinin müvafiq mallar ilə qısamüddətli dövrdə təminatı ilə bağlı proqnoz əsas götürülməklə İqtisadiyyat Nazirliyinin müsbət rəyi əsasında həyata keçirilir;
Bu Qərara əlavə edilən siyahıya daxil olan malların gömrük orqanları tərəfindən gömrük ərazisindən buraxılışı həmin malların İqtisadiyyat Nazirliyinin müsbət rəy məktubu ilə müşayiət olunması şərtilə həyata keçirilir;
Bu Qərara əlavə edilən siyahıya daxil olan malların ölkədən aparılması ilə bağlı müraciət edən şəxs “İnzibati icraat haqqında” Qanuna uyğun olaraq tərtib olunmuş ərizəni gömrük ərazisindən aparılması istənilən malların növü, həcmi, təyinat ölkəsi, planlaşdırılan aparılma vaxtı, habelə həmin şəxs malların bilavasitə istehsalçısı olduğu təqdirdə, istehsal həcmi barədə məlumatlar ilə birlikdə “İnzibati icraat haqqında” Qanuna uyğun olaraq İqtisadiyyat Nazirliyinə təqdim edir;
İqtisadiyyat Nazirliyi bu Qərarda nəzərdə tutulmuş müraciətə onun təqdim olunduğu gündən 5 (beş) iş günü müddətində baxır;
İqtisadiyyat Nazirliyi tərəfindən müsbət rəy müraciətlə əhatə olunan mal partiyasının həcmi və müvafiq malların ölkədə mövcud olan ehtiyatları nəzərə alınmaqla, həmin malların gömrük ərazisindən aparılmasının yerli təchizata mənfi təsiri proqnozlaşdırılmadığı halda təqdim edilir;
İqtisadiyyat Nazirliyi tərəfindən müsbət rəyin təqdim edilməsindən imtina olunduğu halda, bu barədə müraciət edən şəxsə 5 (beş) iş günü müddətində əsaslandırılmış imtina məktubu təqdim edilir.
İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi bu Qərardan irəli gələn məsələləri həll etməlidirlər.
Bu Qərara əlavə edilən siyahıya daxil olan malların “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na uyğun olaraq gömrük ərazisindən aparılmasına şamil olunmur.
Bu Qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.