“Interbrand” beynəlxalq konsaltinq agentliyi dünyanın 100 ən bahalı şirkətin (“100 Best Global Brands”) reytinqini təqdim edib. “Coca-Cola” şirkəti yeganə qeyri-texnoloji brenddir ki, ilk beşlikdə yer alıb.
Şirkətdən Foodnfo.az-a verilən məlumata görə, reytinqdə brend sahibi olan şirkətlərin maliyyə göstəriciləri, istehlakçı seçimlərinə təsiretmə qabiliyyəti və rəqabət qabiliyyəti nəzərə alınıb. “Interbrand”in “100 Best Global Brands” hesabatına əsasən, “Apple” və “Google” artıq 6 il ardıcıl olaraq ilk iki yeri bölüşdürürlər. “Facebook” 2018-ci ildə doqquzuncu yerə yüksələrək son 5 ildə ən sürətlə böyüyən brendə çevrilib.
2017-ci ildə 100 ən bahalı şirkət siyahısına daxil olan “Tesla”, “Thomson Reuters”, “Moët & Chandon” və “Smirnoff” brendləri bu il siyahıda ümumiyyətlə yer ala bilməyiblər.
“Interbrand”in icraçı direktoru Çarlz Treveyl bildirib ki, dəyişən ehtiyaclara və müştərilərin gözləntisinə cavab verə bilən brendlər müvəffəqiyyətlə siyahıya daxil edilib.
“Tarixin böyük hissəsində “Coca-Cola” bir məhsulun şirkəti olub”. Lakin insanların həyat tərzi və zövqləri gündən günə dəyişir. Bu həqiqəti nəzərə alıb, “Coca-Cola” brendi son onillikdə dəyişikliklər edib – biz insanların istək və tələbinə diqqət yetirməyə başladıq. Bizim məqsədimiz – dünyada hər bir insana istədiyi içkini verməkdir. İstehlakçıların tələbatını nəzərə alaraq mümkün qədər ən keyfiyyətli məhsul əldə etməyə çalışırıq. Buna reklam kampaniyaları, məhsulun özü, qablaşdırılması və yüzlərlə böyük və kiçik detallar daxildir. Bu strategiya bütün dünyada işimizin sabit inkişafını təmin etməyə imkan verdi”, - deyə “Coca-Cola” şirkətinin Qafqaz üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya meneceri Elşad Fərzəliyev bildirib.
Reytinqə daxil olan brenlərin yarısından çoxu 5 bazar sektorunu təmsil edir: avtomobil, texnologiya, maliyyə xidmətləri, lüks və FMCG (Fast Moving Consumer Goods – tez istehlak edilən gündəlik tələbat malları). “Interbrand”in məlumatına əsasən, sözügedən brendlərin dəyəri 2017-ci ildən bəri 7% artırmaqla 2 milyard ABŞ dollarına çatıb.
1974-cü ildə yaradılan “Interbrand” agentliyi brendinq sahəsində xidmət göstərən, dünya üzrə 40 ofis şəbəkəsi ilə dünyanın ən iri konsaltinq şirkətlərindən biridir. Şirkət mütəxəssisləri brendərin yaradılması və öyrənilməsi üzərində çalışırlar. Dünya təcrübəsinə əsasən, 2000-ci ildən etibarən “Interbrand” qlobal konsaltinq şirkəti hər il ən müvəffəqiyyətli beynəlxalq şirkətlərin reytinqini tərtib edir.
Qeyd edək ki, “Coca-Cola” 1994-cü ildən etibarən Azərbaycan bazarında təmsil olunur. 2017-ci ilin sonunadək şirkət Azərbaycan iqtisadiyyatına 275 milyon manat məbləğində investisiya yatırıb, dövlət büdcəsinə isə 253 milyon manat məbləğində vergi ödəyib.