
Hər gün istifadə etdiyimiz duz yeməklərimizə ləzzət qatsa da, həddindən artıq istifadəsi sağlamlıq üçün təhlükə yarada bilər. Aparılan son araşdırmalara görə, duzun yüksək miqdarda qəbulu mədə xərçəngi riskini artırır.
Foodinfo.az xəbər verir ki, gündəlik 5 qramdan artıq duz istehlakı orqanizmdə bir sıra problemlərə, xüsusilə mədə selikli qişasının zədələnməsinə səbəb olur. Bu da xərçəng hüceyrələrinin yaranması üçün əlverişli mühit formalaşdırır.
Alimlər bildirirlər ki, duz, mədədə yaşayan və mədə xərçənginin əsas səbəblərindən sayılan Helicobacter pylori bakteriyasının fəaliyyətini gücləndirir. Bu bakteriya mədə divarına zərər verərək uzunmüddətli iltihablara və son nəticədə xərçəng hüceyrələrinin inkişafına səbəb olur.
Xüsusilə duzlu turşular, konserv məhsulları və hisə verilmiş qidalar mədə xərçəngi riskini artırır.
Araşdırmalarda həmçinin qeyd olunur ki, duzun çox istifadəsi antioksidant təsiri olan qidaların (xüsusilə C vitamini) təsirini zəiflədə, mədədə nitrozamin kimi xərçəng yaradan maddələrin yaranmasına səbəb ola bilər.
Duz düzgün miqdarda istifadə edildikdə orqanizm üçün zərərli deyil. Ancaq normadan artıq qəbul edildikdə mədə xərçəngi də daxil olmaqla bir çox ciddi xəstəliklərin yaranma riskini artırır. Mütəxəssislər hər kəsi duz istifadəsində ölçülü olmağa və daha təbii qidalara üstünlük verməyə çağırırlar.