Keçi südü çox qədim zamanlardan sağlamlıq məqsədilə istifadə olunur və bir çox baxımdan inək südündən fərqli və bəzi hallarda üstün hesab edilir. 

Foodinfo.az xəbər verir ki, keçi südündəki yağ hissəcikləri xırda olur, bu da onun mədə və bağırsaqlarda daha tez parçalanmasını təmin edir.

Laktoza miqdarı bir qədər azdır, bu səbəblə yüngül laktoza həssaslığı olan bəzi insanlar keçi südünü daha yaxşı qəbul edə bilir.

İnək südündə allergiyaya səbəb olan alfa-s1-kazein adlı zülal keçi südündə çox az miqdarda olur. Buna görə keçi südü süd allergiyası olan uşaqlarda bəzən alternativ kimi istifadə edilir.

Keçi südü kalsium, fosfor, maqnezium, kalium və selenium baxımından daha zəngindir. B12 vitamini baxımından inək südü daha öndə olsa da, keçi südündə A vitamini inək südünə nisbətən birbaşa aktiv formada mövcuddur.

İnək südü bəzi insanlarda bəlğəm və boğazda yapışqanlıq hissi yarada bilər, keçi südündə isə bu təsir çox zəifdir. Buna görə astma və tənəffüs yolları problemi olan insanlar keçi südünə üstünlük verə bilərlər.

Keçi südü tərkibində orta zəncirli yağ turşuları olduğuna görə dəriyə, immunitetə və mədə-bağırsaq sisteminə dəstək verir. Xalq təbabətində ekzema, psoriaz kimi dəri xəstəliklərində keçi südü və ya keçi südü sabunları istifadə olunur.

Keçi südündə fol turşusu və B12 vitamini azdır, bu səbəbdən uzun müddət tək keçi südü ilə qidalanmaq (xüsusilə uşaqlarda) qanazlığına səbəb ola bilər. Tam laktoza intoleransı olan insanlar üçün keçi südü də uyğunsuz ola bilər.