BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda kooperativlərin dəstəklənməsi layihəsini həyata keçirməyi planlaşdırır.

Foodinfo.az xəbər verir ki, bunu “Report”a FAO-nun Azərbaycandakı nümayəndəsinin köməkçisi Bariz Mehdiyev deyib.

Onun sözlərinə görə, bu layihənin FAO-nun texniki yardım proqramı çərçivəsində icrası nəzərdə tutulur: “Aqrar sahədə kooperativləşmə hökumət tərəfindən dəstəklənir. Bizim layihə çərçivəsində kooperativlərin investisiyalara, bazara çıxış, istehsal vasitələrinin alınması kimi vasitələrə çıxış imkanları artacaq.

Dövlət tərəfindən kooperativlərlə bağlı yeni dəstək mexanizmlərin tətbiqi planlaşdırılır. Fermerlərin və aqrar sektorda fəaliyyət göstərən digər sahibkarların bir araya gələrək formalaşdırdıqları kooperativlər bu mexanizmlərdən istifadə edərək, subsidiyalar ala bilərlər, maliyyə institutlarına daha rahat çıxış əldə edə bilərlər”.

B.Mehdiyev hesab edir ki, kooperativləşmə, həmçinin kənd təsərrüfatı sahələrində pivot suvarma sistemlərinin qurulması ilə su itkisinin qarşını ala bilər.

Xatırladaq ki, FAO Azərbaycan ilə doqquz prioritet istiqamətdə əməkdaşlıq edir. FAO-nun əsas məqsədi Azərbaycanda qida məhsullarının və tullantıların idarə olunması sahəsində həyata keçirilən layihələrə dəstəyə yönəlib. Artıq 60-dan yuxarı layihə reallaşdırılıb, xüsusən də bölgələrdə kənd təsərrüfatı mühiti, o cümlədən qida təhlükəsizliyi yaxşılaşdırılıb.