Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində 540 min çay tingi alınıb və Masallı rayonunda 5 kəndin fermerlərinə məxsus 15 hektar ərazidə əkilib.
Bu barədə Foodinfo.az-a Nazirlikdən bildirilib.
Məlumata görə, “Çayçılığın inkişafı istiqamətində ailə təsərrüfatlarının, kiçik və orta sahibkarlığın genişləndirilməsi pilot layihəsi” çərçivəsində çay bitkisinə qulluq, zərərvericilərə qarşı mübarizə və bitki mühafizəsi tədbirləri aparmaq üçün lazım olan maşın, avadanlıq və alətlər də alınaraq fermerlərin istifadəsinə verilib. Layihədən faydalanan 100-dən artıq fermerə bilik və bacarıqlarının artırılması məqsədi ilə təlimlər keçilib.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində həyata keçirdiyi bu layihə “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”na əsaslanır. Layihəni Aqrar Kredit və İnkişaf Agentliyi icra edir.
Yerli fermerlərin çay tinglərinə olan tələbini ödəmək məqsədilə 3 hektar ərazidə tingçilik sahəsi salınıb.
Bu ildən etibarən qüvvəyə minən subsidiya qaydalarına əsasən çay bitkisi ən yüksək subsidiya məbləği verilən bitkilərdəndir. Tinglər əkildiyi ildən etibarən 7 il müddətində fermer hər hektara görə 700 manat subsidiya alacaq. 7 ildən sonra subsidiya məbləği builki əmsallara görə hər hektara 240 manat təşkil edəcək.
Qeyd edək ki, çayçılıq sahəsinə Masallıda son illərdə xüsusi diqqət yetirilir. 2013-cü ildə burada 5 hektar çay sahəsi olduğu halda, 2018-ci ildə 103 hektar sahə qeydə alınıb.