Xəbər verdiyimiz kimi Bakı şəhəri , Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi sakini Mirzəyevə Dilşadxanım Ənvər qızı “OBA” marketdən etdiyi şikayəti "Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyyub Hüseynova bildirib, KİV-də yayımlanmasını və məsələyə aydınlıq gətirilməsini istəmişdi.
Şikayətçinin dediyinə görə marketdən aldığı pendirdə ciddi acılıq, xoşagəlməz ətir və aldığı nehrə yağında isə dəmir dadı verdiyini, nehrə yağına bənzəmədiyini gördükdən sonra marketə qayıdaraq aldıqlarının geri qaytarılıb, ödənişin geri qaytarılmasını istəsə də satıcı mala baxmadan toxunduğu üçün geri qaytarıb.
“OBA” marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin meneceri Elvin Babayev Cebhe.info-ya açıqlamasında bildirib ki, Azad İstehlakçılar Birliyinə daxil olan şikayətlə bağlı dərhal aidiyyatı şöbələrə məlumat verilərək araşdırılma aparılıb:
“Müştəri ilə əlaqə saxlanıldı və məhsulun geri qaytarılması üçün mağazaya dəvət olundu. Xanımın qeyd etdiyi kimi məhsulun keyfiyyətində hər-hansı bir dəyişiklik olub olmadığını yoxlamaq üçün məhsuldan nümunə götürüləcək və laboratoriyaya göndəriləcək.
«Жинкина крынка» məhsulu Rusiyanın «Ястро» şirkətinin məhsuludur və ölkəmizə OBA marketlər şəbəkəsi tərəfindən idxal olunur. Qeyd edək ki, bu məhsul dünyanın ən böyük marketlər şəbəkəsində də satışdadır. Məhsulun müvafiq uyğunluq sertifikatları var və biz məhsulun saxlanma şəraitinə tam olaraq riayyət edirik.
Qauda pendirin növlərindən biridir və bərk olur. Yəqin ki, müştəri pendirin bu növü barədə məlumatsızdır. Qeyd edək ki, məhsulun istehsal tarixi və yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd olunub və məhsul 180 gün saxlanıla bilər.
Müştərinin nehrə yağı barədə şikayəti də istehsalçı şirkətə bildirildi. Qeyd edək ki, bu yağar “Uzun Ömür İvanovka” MMC-nin məhsuludur. Bu məhsulun da müvafiq uyğunluq sertifikatları vardır”.
E.Babayev həmçinin bildirib ki, müştəri məmnunluğu önəmlidir və məhsulların keyfiyyətinə xüsusi həssaslıqla yanaşılır:
“İstehsalçıdan gələn məhsullar öncə labarator yoxlanışlardan keçir. Keyfiyyətə Nəzarət Departamenti yalnız keyfiyyətli məhsulların satışa çıxarılmasına icazə verir.
Müştərilərimiz mağazalarımızda hər hansı bir xoşagəlməz halla rastlaşarsa qaynar xəttlərimizə (012924) zəng edə bilərlər. Bundan başqa OBA marketlər şəbəkəsinin bütün filiallarında aidiyyatı üzrə rəhbər şəxslərin nömrələri kassalarda qeyd olunmuşdur. Şikayət və təkliflərinizi həmin nömrələrə də zəng edərək bildirə bilərsiniz”.