Ərzaq mağazalarında süd məhsullarının qıtlığı problemi yarandı-İstehsalçılar satışa niyə məhsul çıxartmır?
Dünəndən etibarən paytaxtın böyük super marketlərində və kiçik ərzaq mağazalarında bir sıra yerli iri süd və süd məhsulları istehsalçılarının məhsullarının qıtlığı problemi yaranıb.
Movqe.az-ın əməkdaşının paytaxt mağazalarında apardığı müşahidələr zamanı ölkənin iri süd istehsalçısı olan süd zavodunun istehsal etdiyi ayran, xama kimi məhsulların vitrinlərdə olmadığı üzə çıxıb. Super marketlərdən eləcə də digər kiçik mağazalardan təzə ildən yerli süd istehsalçılarından məhsul almadıqlarını bildiriblər. "Araz" super marketlər şəbəkəsinin Bayıl ərazisində yerləşən mağazasında süd sarı şöbəsinin işçisi əməkdaşımıza bildirib ki, bu ildən yerli süd istehsalçıları mağazalara məhsul satışını azaldıb, bəzi məhsullarının satışını isə tamamilə dayandırıblar:" Bizə deyirlər ki, səbəb Vergilər Nazirliyinin bütün sahibkarları şəffaf vergi ödəməsinə cəlb etməsidir. Süd və süd məhsulları istehsalçılarının dediyinə görə, düzgün uçot sistemi onların xərclərini artırıb. Ona görə də məhsullara hələ yeni qiymət müəyyənləşdirməyiblər. Sizin soruşduğunuz ayran və xamalar da satışda yoxdur. Digər yerli iri süd və süd məhsulları istehsalçıları da bəzi məhsulları satışa vermirlər. Bu ildən süd və süd məhsulları istehsalçılarından yeni mal almamışıq. Ona görə də vitrinimiz boşdu. Olanların da çoxu xaricdən idxal olunan süd məhsullarıdır". Movqe.az-ın əmkdaşının apardığı araşdırma zamanı paytaxt mağazalarının əksəriyyətində bir sıra yerli süd və süd məhsullarının qıtlığı problemi yaşandığı məlum olub. Yalnız bir neçə mağazada yerli süd və süd məhsullarının yeni qiymətlə, əvvəlkindən xeyli baha qiymətə satışına başlandığı bildirilib.
İqtisadçı Samir Əliyev də Movqe.az-a bildirib ki, gömrükdə qaçaqmalçılığın qarşısının alınması,məhsulların ölkəmizə real rüsumlarla keçirilməsi,eləcə də vergi uçotunun gücləndirilməsinin təsiri nəticəsində müəyyən məhsulların qıtlığı və qiymət artımı müşahidə olunur:" Bu addımların əlbəttə bir təsiri olmalı idi. Amma bu dəyişiklik əvvəl-axır baş verməli idi. Bir müddət belə problemlər olsa da, bu şəffaflıq prosesi davamlı aparılarsa hər şey öz qaydasına düşəcək. Bununla belə qiymətlərdə bahalaşmanın olması qaçılmazdır".
S. Əliyev bildirib ki, Milla xamaları (20%-lik, 300 q) sürətlə bahalaşır:" Yanvarın əvvəli 1,56 AZN-ə, ortası 1,77 AZN-ə, fevralın əvvəli isə 1,96 AZN-ə qalxıb. Dekabrda isə yanvar ayı ilə müqayisədə daha ucuz idi. Həmin xamanın 25%-liyi isə bu müddətdə 1,60 AZN-dən 2,15 AZN-ə yüksəlib. Bir sözlə, son 1-2 ayda bu yerli məhsullar təxminən 35% bahalaşıb. Bu, hələki bir məhsul növü üzrədir. Yəqin ki digər məhsullarda da bahalaşma var. Nə baş verir? Dollar bahalaşmayıb. Yəqin ki, vergi qanunvericiliyinə edilmiş dəyişiklikə bağlıdır". Movqe.az saytı mövzunu davam etdirəcək.
Zülfiyyə Quluyeva