
Azərbaycan Texniki Universitetinin (AzTU) 75 illik yubileyi çərçivəsində beynəlxalq forum keçirilib. Azərbaycan Texniki Universitetinin təşəbbüsü və təşkilatçılığı, Türkiyə-Azərbaycan Universiteti (TAU), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və “Caspian Energy Club”un tərəfdaşlığı ilə “Universitet-sənaye əməkdaşlığı: istiqamətlər, nümunələr və süni intellekt” mövzusunda beynəlxalq forum keçirilib.
Forumun məqsədi universitetlə sənaye arasında əməkdaşlıq modellərinin müzakirəsi, qabaqcıl beynəlxalq təcrübənin paylaşılması, eləcə də yeni texnologiyaların – xüsusilə süni intellektin istehsalat mühitinə inteqrasiyasında ali təhsil müəssisələrinin artan rolunun dəyərləndirilməsi olub.
Tədbiri giriş sözü ilə açan və qonaqları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev universitet-sənaye əlaqələrinin dayanıqlı modeli və təcrübəyə əsaslanan birgə fəaliyyətin qurulmasının əhəmiyyətindən bəhs edib. O, AzTU-nun KOBİA ilə birgə ərsəyə gətirdiyi və uğurla fəaliyyət göstərən KOB Model Müəssisəsinin universitet-sənaye əməkdaşlığına böyük töhfə verdiyini vurğulayıb və bu cür təşəbbüslərin davamlılığının vacibliyini qeyd edib.
Forumda çıxış edən digər natiqlər də universitet-sənaye tərəfdaşlığı modelinin əhəmiyyətindən geniş bəhs ediblər.
Tədbirdə 100-dən artıq biznes və sənaye qurumunun nümayəndəsi, həmçinin müxtəlif ölkələrdən akademik və texnoloji təsisatların təmsilçiləri iştirak edib.
Forumun iştirakçıları arasında Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) da olub. Şirkətlər Qrupu forumda təsisçi və baş direktor Aydın Talıbovun və digər rəhbər şəxslər səviyyəsində təmsil olunub.

