Aprelin 25-27-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Ümümdunya Heyvan Sağlamlığı Təşkilatı (WOAH), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) təşkilatçılığı ilə ölkəmizdə “İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO)/Qərbi Avrasiya ölkələri üçün xırdabuynuzlu heyvanların taunu xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq üzrə yol xəritəsi” mövzusunda beynəlxalq tədbir keçiriləcək.
Foodinfo.az xəbər verir ki, tədbirdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Əfqanıstan, Pakistan, Gürcüstan, Suriya, İran İslam Respublikası, Türkiyə Respublikası, Rusiya Federasiyasından nümayəndələrin iştirakı nəzərdə tutulur.
Xırdabuynuzlu heyvanların taunu (PPR) xəstəliyinə dair regional məsləhətləşmənin məqsədi PPR üzrə fəaliyyət planını və onun əsas elementlərini təqdim etmək, həmçinin İƏT regionunda və Qərbi Avrasiya ölkələrində PPR-ın aradan qaldırılmasında irəliləyişə nail olmaq üçün prioritet addımları və yanaşmaları müəyyən etməkdir.
Tədbirdə beynəlxalq və regional təşkilatlar dabaq və xırdabuynuzlu heyvanların taunun (PPR) qlobal və regional perspektivini və hər bir təşkilatın təklif edə biləcəyi mümkün dəstəyi təqdim edəcəklər. Qeyd etmək lazımdır ki, bu addımlar regionda hazırkı və gələcəkdəki epizootoloji durumun sabitliyinin qoruyub saxlamasında mühim rol oynamaqdadır.