Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir. Agentlikdən Foodinfo.az-a bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyulun 25-də ölkə üzrə 372 ictimai iaşə obyektində 634 monitorinq keçirilib. Monitorinqlər zamanı 3 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır: 1. Bakı şəhəri, Səbail ‎ rayonu, Kiçik qala 88 ünvanında yerləşən, fiziki şəxs İbadov Emil Nazim oğluna məxsus kafe; 2. Bakı şəhəri, Yasamal ‎rayonu, Cavid 78G ünvanında yerləşən, fiziki şəxs Bədəlova Fəridə Səfər qızına məxsus kafe; 3. Bakı şəhəri, Nəsimi rayonu, Vurğun küç., Zabitlər parkında ‎ yerləşən, fiziki şəxs Xəlilov Muxtar Abdulla oğluna məxsus kafe. Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.