Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir. Foodinfo.az-ın xəbərinə görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 5 - də ölkə üzrə 442 ictimai iaşə obyektində 753 monitorinq keçirilib. Monitorinqlər zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır: 1. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hüseynov 70, m 1 ünvanında yerləşən, fiziki şəxs Tağızadə Orxan Üzeyir oğluna məxsus restoran; 2. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və A.Nemətulla küçələrinin kəsişməsində yerləşən fiziki şəxs Tuncay Hakan Bayrı oğluna məxsus restoran; 3. Bakı şəhəri, Səbail rayonu, Puşkin 12 ünvanında yerləşən, fiziki şəxs Əliyev Rövşən Səfər oğluna məxsus “Unbar” kafesi; 4. Yevlax şəhəri, Qanbay Quliyev küçəsində yerləşən, fiziki şəxs Ağayev İlqar İrşad oğluna məxsus “Sənəm” restoranı. Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.