Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir. Agentlikdən Foodinfo.az-a bildirilib ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə aparılan reyd zamanı Bakı şəhəri, Nizami rayonu, "8-ci km Ticarət Mərkəzi" ASC nəzdində fəaliyyət göstərən fiziki şəxslər Təhməzov Bəhruz Bəhrəm oğlu və Həsənov Elçin Orucəli oğluna məxsus ət və ət məhsullarının satışı sahəsinə baxış keçirilib. Baxış zamanı baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən 280 kq mənşəyi məlum olmayan ət aşkarlanıb. Müayinələrin aparılması üçün ətdən götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Aşkar olunmuş faktla bağlı araşdırmalar davam etdirilir. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır. [gallery ids="41308,41309"]