Müasir dövrdə geniş yayılmış allergik xəstəliklərin yaranmasına digər faktorlarla yanaşı, qidalar da təsir göstərir. Hazırda dünya əhalisinin 2.5%-i qida allergiyasından əziyyət çəkir.

Qida allergiyası tərkibində allergenlər olan qida məhsullarının istehlakı zamanı immun sisteminin spesifik reaksiyası nəticəsində yaranır. Bu reaksiya immunoqlobulin E antitelinin iştirakı ilə baş verir. Qida məhsullarının səbəb olduğu anaflaksiya isə ciddi allergik reaksiya olub, qəflətən əmələ gəlir. Anaflaksiya ölümlə nəticələnə bilər. Qida allergiyasının simptomları adətən tərkibində allergenlər olan qidanın istehlakından sonra özünü büruzə verir. Dəridə qızartılar, səpgilər, qaşınma, üz, dil və dodaqlarda şişkinlik, qusma, diareya, qarın nahiyəsində spazmalar, öskürək, başgicəllənmə, nəfəsalmada çətinlik, huşun itməsi və bu kimi digər hallar isə allergik reaksiyalara aiddir.

Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzinin Maarifləndirmə sektorunun müdiri Aynur Heydərova tərəfindən hazırlanmış məqalədə bildirilib.

Məqalədə daha sonra deyilir:

Allergik reaksiyalara 170 növ qida məhsulunun səbəb olduğu müəyyən edilib. Bunlardan süd, yumurta, çərəzlər, dəniz məhsulları, buğda, soya və küncüt toxumu tərkibində allergenlər olan əsas qidalar sırasına aid edilir.

İnək südünə qarşı allergiya 2 yaşlı uşaqlar arasında ən geniş yayılmış allergiyadır. Bu allergiyanın klinik əlamətlərinə allergik rinit, astma və atopik dermatit aiddir. İnək südünə qarşı allergiyası olan şəxslərdə bu məhsulun istehlakından 5-30 dəqiqə sonra allergiya əlamətləri yaranır Bu ödem, səpgilər, qusma, nadir hallarda anaflaksiya, həmçinin bağırsaqlarda pozğunluq, diareya, qusma və bağırsaq divarının iltihabı ilə təzahür edə bilər.

Yumurtaya qarşı allergiya da uşaqlar arasında geniş yayılıb. Bu allergiyadan erkən yaşlı uşaqların 1-2 %-i əziyyət çəkir. Yumurtaya qarşı allergiya adətən aeroallergenlərə qarşı həssaslığa gətirib çıxarır. Bu da astma xəstəliyinin inkişafına şərait yaradır. Bu tipli allergiyası olan şəxslərdə həzm sistemi pozuntuları, məsələn, qarın nahiyəsində ağrılar, eyni zamanda dəridə səpgilər, respirator problemlər, nadir hallarda anaflaksiya əlamətləri özünü göstərir. Allergik reaksiya yumurta zülalına qarşı olur. Adətən bu allergiyaya səbəb olan zülalların əksəriyyəti isə yumurtanın ağında olur.

Qoz, fındıq, badam, fıstıq, yerfındığı və digər çərəzlər də tərkibində allergenlər olan qidalar hesab edilir. Bəzi allergiyalardan fərqli olaraq çərəzlərə qarşı yaranan allergiya insanın ömrü boyu qalır. Bu allergiya ciddi fəsadlara səbəb olmaqla, anaflaksiya halları 50% təşkil edir. Yerfındığı ölümcül reaksiyalara səbəb ola biləcək allergenlərə aiddir. Yerfındığına qarşı allergiyadan uşaqların 4-8, yetkin insanların 1-2 %-i əziyyət çəkir.

Dəniz məhsullarına qarşı allergiya balıq, krevet, xərçəng, omar, kalmar və ikitaylı molyuskların tərkibindəki zülalların orqanizmə təsiri ilə xarakterizə edilir. Bu allergik reaksiyalara səbəb olan ən əsas zülal tropomiozin zülalı hesab edilir. İmmun cavaba səbəb ola bilən digər zülallara isə arginin, kinaza və miozinin yüngül zəncirləri aiddir. Bəzi hallarda dəniz məhsullarına qarşı allergiyanı dəniz məhsulları çirkləndiricilərinin (məsələn, bakteriya, virus və ya parazitlər) yaratdığı yan təsirlərdən fərqləndirmək çətin olur. Bu, əlamətlərin oxşar ola bilməsi ilə bağlıdır. Belə ki, hər iki halda həzm sistemində pozuntular, qusma, diareya, qarın nahiyəsində ağrılar müşahidə edilə bilər.

Buğdaya qarşı allergiya bu məhsulun tərkibindəki qliadin və qlüten zülallarına qarşı reaksiyadır. Digər qida allergiyalarında olduğu kimi, buğdaya qarşı allergiya da həzm prosesində pozuntuya, qusmaya, səpgiyə, ödemə, daha ağır hallarda isə anaflaksiyaya səbəb ola bilər.

Daha çox azyaşlı uşaqlarda allergik reaksiyalara səbəb olan soyanın istehlakı qaşınma, burunda axıntı, ağızda səpgilər, nəfəsalmada çətinlik və astma kimi halların yaranmasına gətirib çıxarır. Nadir hallarda anaflaksiya da baş verə bilər. Müəyyən edilib ki, inək südünə qarşı allergiyası olan uşaqlarda soyaya qarşı da allergiya olur.

Son zamanlar küncüt toxumuna qarşı allergiyaya da insanlar arasında tez-tez rast gəlinir. Belə ki, küncüt toxumunun istehlakı insanlarda allergik reaksiyaya, hətta ölümlə nəticələnən anaflaktik reaksiyaya səbəb olur.

Ərik, şaftalı, alma, armud, banan, avakado, kivi, sarımsaq, soğan, turp, kök, çuğundur, kətan və xardal toxumları, kərəviz, çobanyastığı və digərləri də insanlarda allergik reaksiyalara səbəb ola bilər. Ümumiyyətlə, istənilən meyvənin allergiyaya səbəb olması mümkündür. Lakin allergiya baxımından bütün meyvələr eyni dərəcədə təhlükəli deyil. Belə ki, yaşıl rəngli meyvələr az, sarı olanlar orta, qırmızı və narıncı meyvələr isə yüksək allergenlərə malikdir. Həmçinin emal edilmiş qida məhsullarına dad keyfiyyətinin yaxşılaşdırılması və zülal tərkibinin artırılması üçün əlavə olunan kazein, laktoza və albumin kimi zülallar da allergiya yarada bilər. Belə allergenlərin qidanın tərkibində olub-olmadığını müəyyənləşdirmək üçün etiketlənmədə bu məlumatara diqqət yetirilməsi vacib hesab edilir.

Avropa Komissiyasının müvafiq qərarına əsasən, məhsulların etiket məlumatlarında allergiya əmələ gətirən 12 qida məhsulunun adı qeyd olunmalıdır. Bunlara buğda, həmçinin tərkibində qlüten olan digər dənli bitkilər, ikitaylı molyusklar (midi, ilbiz, kalmar), xərçəngkimilər (krevet, omar, xərçəng), yumurta, balıq, yerfındığı, qərzəkli meyvələr (badam, qoz, fındıq, püstə və digərləri), soya, süd (laktoza da daxil olmaqla), xardal, küncüt toxumu və kərəviz daxildir. Amerika Birləşmiş Ştatlarında da qida məhsullarının etiketində allergen hesab edilən istənilən inqrediyentin adının yazılması tələbi mövcuddur. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 17.2.1-ci maddəsinə əsasən də istehlakçıya qida məhsullarının tərkibindəki allergenlər barədə dolğun məlumatlar verilməlidir. 

Hər hansı qidanın qəbulu nəticəsində yaranan allergik reaksiyalar tənəffüs və ya ürək-damar çatışmazlıqları ilə ağırlaşdıqda, insan həyatı üçün təhlükəli ola bilər. Ona görə də allergiyadan əziyyət çəkən insanlar allergenlərin və onlardan hazırlanan qida məhsullarının istehlakından çəkinməlidirlər.