Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Agentlikdən Foodinfo.az-a bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyulun 6-da 422 ictimai iaşə obyektində 705 monitorinq keçirilib. Monitorinqlər zamanı Qax və İsmayıllı rayonu üzrə 3 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Qax rayonu, Qaxingiloy kəndində yerləşən, fiziki şəxs Vəliyev Mətin Əmir oğluna məxsus “Meh” restoranı;
2. İsmayıllı rayonu, Xanagah kəndində yerləşən, fiziki şəxs Rəsulov Hikmət Qürbət oğluna məxsus kafe;
3. İsmayıllı rayonu, Xanagah kəndində yerləşən, fiziki şəxs Ömərov Adil Müsənnif oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.