Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Zəkiyyə Mustafayeva İsrail dövlətinin Kənd Təsərrüfatı və Kənd Yerlərinin İnkişafı Nazirliyinin Xarici əlaqələr və beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Daniel Maksimo Vernerlə görüşüb.  

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, görüş zamanı AQTA-nın fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə qonağa ətraflı məlumat verilib.

Həmçinin görüşdə Azərbaycandan İsrailə quşçuluq məhsullarının ixracı, baytarlıq sertifikatlarının razılaşdırılması, iki ölkə arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında sənədin imzalanması imkanları, AQTA-nın nümayəndə heyətinin İsrailə işgüzar səfərinin təşkili və digər məsələlər müzakirə olunub.

 

Eyni zamanda görüş zamanı iki ölkənin qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən laboratoriyalarında müqayisəli (profesionallıq) testlərin və müayinələrin aparılması, pestisid və gübrələrin tətbiqi ilə dövriyyəsinə nəzarətin təşkili, qida təhlükəsizliyi sahəsində tətbiq edilən yeniliklər, əkin- səpin materiallarının istehsalı və dövriyyəsinə fitosanitar nəzarətin təşkili, epizootiya əleyhinə tədbirlərin planlaşdırılması və icrası, baytarlıq nəzarəti sistemi, işçilər üçün təlimlərin təşkili və digər məsələlərlə bağlı təcrübə mübadiləsinin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.