Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Ulu Öndər Heydər Əliyev və dövlət gənclər siyasəti” mövzusunda görüş təşkil olunub.

Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, tədbirdə AQTA-nın məsul şəxsləri və əməkdaşları, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının rəhbərliyi və könüllülər iştirak ediblər.

Görüşdə çıxış edən AQTA sədrinin müavini Zəkiyyə Mustafayeva bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirib, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verib. Bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirib. Dahi şəxsiyyət gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri sayıb. Ümummilli Lider tərəfindən əsası qoyulan gənclər siyasətinin əsas məqsədi yeni nəslin fiziki, mənəvi və psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılmasını və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etmək olub. Z.Mustafayeva həmçinin vurğulayıb ki, Prezident İlham Əliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətini uğurla davam etdirərək daim Azərbaycan gənclərini dəstəkləyir, bütün sahələrdə onlara etimad göstərir. Gənclərimiz dövlətin diqqət və qayğısını hər zaman öz üzərlərində hiss edirlər.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ideya və arzuları yaşayır. Azərbaycanın çağdaş tarixinin milli intibah dövrü müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarıb, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirib. Dahi rəhbər dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzun ömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoyub. Ulu Öndər ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olub.

Tədbirdə digər natiqlər də Ulu Öndərin Azərbaycan gənclərinin inkişafına verdiyi töhfələrdən danışıblar. Eyni zamanda ölkədə gənclər üçün geniş imkanların olduğunu bildiriblər.  

Görüşdə çıxışlardan sonra Ümummilli Liderin dövlət gənclər siyasətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbir çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Heydər Əliyev prospekti 185B ünvanı üzrə ərazi partiya təşkilatının sədri öz xahişi ilə işdən azad olunduğuna görə, təşkilata yeni sədrin seçilməsi ilə bağlı səsvermə də keçirilib. Səsvermə nəticəsində Rəşad Hüseynəliyev YAP Nizami rayon təşkilatının Heydər Əliyev prospekti 185B ünvanında ərazi partiya təşkilatının yeni sədri seçilib.