Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədi ilə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dövlət nəzarəti həyata keçirilir. Bu məqsədlə qanunla müəyyən edilmiş hallarda və qaydada sahibkarlıq subyektlərində yoxlamalar aparılır, bu sahədə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi istiqamətində tədbirlər görülür. Həmçinin Agentliyin 1003 Çağrı Mərkəzinə daxil olan vətəndaş şikayətlərinin araşdırılması məqsədi ilə sahibkarlıq subyektlərində növbədənkənar monitorinqlər həyata keçirilir.
Bu sahədə şəffafığın və operativliyin artırılması, eləcə də sahibkarların hüquqların qorunması, həmçinin yerlərdə yoxlamaları həyata keçirən Agentlik əməkdaşlarının peşəkarlıq səviyəsinin qiymətləndirilməsi məqsədilə AQTA tərəfindən innovativ texnologiylardan geniş istifadə olunur. Belə ki, Agentlik əməkdaşları tərəfindən keçirilən yoxlamaların gedişatının onlayn qeydə alınması, onun mərkəzdən idarəedilməsi, yoxlama materiallarının planşetlər vasitəsilə mərkəzə ötürülməsi və bütün məlumatların Agentliyin vahid məlumat mərkəzində toplanması və idarə edilməsini təmin etmək məqsədi ilə yeni elektron sistem işə düşüb.
Yeni sistem vasitəsilə Agentlik əməkdaşlarının sahibkarlıq subyektlərinə daxil olduğu andan etibarən yoxlama yekunlaşanadək prosesi Agentliyin Monitorinq Mərkəzində canlı şəkildə onlayn izləmək mümkün olacaq. Eyni zamanda daxil olan bütün məlumatlar sistem vasitəsi ilə arxivləşdiriləcək ki, bu da sözügedən məlumatların mütəmadi təhlilinin aparılmasına, planlı yoxlamalar zamanı məlumatların təkrar istifadəsinə imkan verəcək. Yoxlama zamanı mübahisəli məqam yarandıqda sistemdə toplanan arxiv bazasına daxil olmaqla istənilən informasiyanı qısa zamanda əldə etmək və araşdırmaların şəffaf və operativ həyata keçirilməsini təmin etmək mümkün olacaq. Eyni zamanda arxivləşdirilmiş məlumatlar müffətişlərin təlimləri zamanı da əyani vəsait kimi istifadə ediləcəkdir.
Qeyd edək ki, Agentlik bundan sonra da əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi tədbirləri çərçivəsində innovativ metodlardan istifadəni davam etdirəcək.