Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi monitorinqləri davam etdirir. Foodinfo.az xəbər verir ki, Agentlik əməkdaşları Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi 40-42, məhəllə 60 ünvanında yaşayan bir qrup sakinin müraciəti ilə bağlı Daxili İşlər Nazirliyinin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birgə Suraxanı rayonunda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi yerlərində reydlər keçirib. Reyd zamanı rayonun Z. Şərifov, N. İsmayılov, Y. Eyvazov, Ə. Mehbaliyev küçələri  və Yeni Günəşli qəsəbəsində (D və AB massivi) fəaliyyət göstərən qanunsuz heyvan kəsimi yerlərində heyvan kəsimi və ət satışının antisanitar şəraitdə, baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi müəyyən olunub. Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb. Eyni zamanda, agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri ilə bağlı zəruri məlumatlar verilib. Agentlik bir daha vətəndaşları bu sahədə ictimai nəzarətin gücləndirilməsi üçün prosesdə fəal iştiraka dəvət edir, bu cür qanunsuz fəaliyyət göstərən, qida təhlükəsizliyi tələblərini kobud şəkildə pozan qanunsuz heyvan kəsimi məntəqələri ilə bağlı Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələrini xahiş edir. [gallery ids="37741,37742,37743"]