Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyəti və bu ölkənin respublikamızdakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevlə görüşüb.
Foodinfo.az xəbər verir ki, görüşdə Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Eyni zamanda AQTA sədri 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər barədə məlumatları qonaqların diqqətinə çatdırıb.
Görüş zamanı iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, respublikamızda bu sahədə əldə olunan müsbət təcrübə qonaqlarla bölüşülüb. B.Torobayev ölkəmizdə qida təhlükəsizliyi sahəsində qurulan vahid sistemi öyrənmək istədiklərini bildirib. Eyni zamanda Azərbaycan təcrübəsinə əsaslanaraq Qırğız Respublikasında qida təhlükəsizliyi sistemini qurmaq fikrində olduqlarını vurğulayıb. AQTA sədri qeyd edib ki, bununla bağlı əldə olunmuş təcrübə mübadiləsinin aparılması və gələcəkdə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub. Belə ki, Azərbaycanın təcrübəsinə əsaslanaraq qida təhlükəsizliyi sistemini tətbiq etmək məqsədilə Qırğız Respublikası tərəfindən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunundan yararlanmaq məsələsi nəzərdən keçirilir. Eyni zamanda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) təcrübəsindən istifadə etməklə, müvafiq laboratoriyaların gələcəkdə Qırğız Respublikasında qurulması diqqət mərkəzindədir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində nümayəndə heyətinə AQTA və AQTİ-nin fəaliyyəti və əldə olunmuş bir sıra nailiyyətlərlə bağlı mütəxəssislər tərəfindən təqdimatlar edilib.
Qeyd edək ki, B.Torobayevin rəhbərlik etdiyi nümayəndə heyəti daha əvvəl 2022-ci ilin avqust ayında AQTİ-nin laboratoriyalarında olub.