Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin Azərbaycan Quşçular Cəmiyyətinin üzvləri ilə görüşü keçirilib. Foodinfo.az-ın məlumatına görə, görüşdə Agentlik sədri qida zəncirinin bütün mərhələlərində, o cümlədən quşçuluq sahəsindəki fəaliyyətlə bağlı qarşıya qoyulan vəzifələr, bu sahədə qanunvericiliyin tələblərinə uyğun olaraq, həyata keçirilən tədbirlərlə bağlı sahibkarları məlumatlandırıb. Sahibkarlara şəffaflıq prinsipləri əsasında həyata keçirilən nəzarət və tənzimləmə tədbirlərinin ölkədə qida təhlükəsizliyinin təmin olunmasına töhfə verəcəyini vurğulayan Agentlik sədri, bu istiqamətdə AQTA tərəfindən hər cür metodiki köməkliyin göstəriləcəyini diqqətə çatdırıb. Bildirilib ki, Agentlik tərəfindən müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərində diri quşların nəqli və açıq satışının məhdudlaşdırılması, mövcud normativlərə əsasən, nəmlik dərəcəsi və digər keyfiyyət göstəricilərinə uyğun olmayan quş ətinin və yumurtanın idxalı və satışının məhdudlaşdırılması, tullantıların idarə edilməsi və zərərsizləşdirilməsi (utilizasiya) qaydalarına əməl etməyən quşçuluq təsərrüfatlarının fəaliyyətlərinin məhdudlaşdırılması və ölkəyə idxal olunan quşçuluq məhsulları üzərində effektiv risk əsaslı nəzarət tədbirləri gücləndirilib. Sahibkarlar tərəfindən quşçuluq sektorunda yoluxucu xəstəliklərə qarşı peyvəndləmə sxemlərinin effektivliyinin artırılması, ölkəyə damazlıq quşların idxalına nəzarətin gücləndirilməsinin vacib olduğu barədə fikirlər irəli sürülüb. Daha sonra quşçuluq sahəsində fəaliyyət göstərən sahibkarların problemləri dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.