Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən məktəblilər arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Təhlükəsiz qida ilə sağlam gələcəyə” adlı rəsm müsabiqəsinə start verilib.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, layihə məktəblilərin qida təhlükəsizliyi ilə bağlı təxəyyül və biliklərinin çəkdikləri rəsmlər vasitəsilə ictimaiyyətə çatdırılmasını təmin etmək, həmçinin onların təhlükəsiz və sağlam qida anlayışlarına dair təsəvvürlərini müəyyənləşdirmək məqsədilə həyata keçirilir.
“Məktəblinin dostları”nın dəstəyi ilə reallaşdırılan layihə paytaxtda fəaliyyət göstərən məktəblərdə təhsil alan V-XI sinif şagirdləri üçün nəzərdə tutulub.
Məktəblilər rəsmlərini A3 formatlı vərəqdə çəkərək müsabiqəyə təqdim edə bilərlər. Vərəqin sağ tərəfinin alt hissəsində rəsmi çəkən şagirdin ad və soyadının, eləcə də oxuduğu sinif və təhsil aldığı məktəb barədə məlumatların yazılması da şərtlərə daxildir. Məktəblərdə şagirdlər tərəfindən çəkilən rəsmlər aprelin 15-dən mayın 15-dək layihə ilə bağlı ayrılmış “Məktəblinin dostları” tərəfindən toplanaraq AQTA-ya təqdim ediləcək.
Agentlik əməkdaşlarından ibarət komissiya rəsmlərə baxaraq müsabiqənin şərtlərinə uyğun olan və seçilən rəsmləri müəyyənləşdirəcək. Münsiflər heyəti tərəfindən bəyənilən 50-dək rəsm 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günündə təşkil ediləcək sərgidə nümayiş olunacaq. Həmçinin rəsmləri bəyənilən məktəblilər sərgiyə dəvət ediləcəklər. Onlara AQTA tərəfindən tərtib olunan sertifikat və həvəsləndirici hədiyyələr təqdim ediləcək. Ən yaxşı 3 rəsm əsərinin müəllifinə isə xüsusi hədiyyələr veriləcək.