Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) arasında əməkdaşlığın daha səmərəli təşkili məqsədilə yaradılmış işçi qrupun görüşü keçirilib. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, görüşdə iki qurum arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş layihəsi, qida məhsullarının qeydiyyatı və izlənilməsi üzrə əməkdaşlığın genişləndirilməsi, müvafiq normativ-texniki sənədlərin qarşılıqlı mübadiləsi, elmi-tədqiqat müəssisələri ilə əlaqələrin yaradılması ilə bağlı müzakirələr aparılıb. Görüş zamanı 2023-cü il 1 yanvar tarixindən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn yeniliklər qarşı tərəfin diqqətinə çatdırılıb. Bundan başqa, görüşdə iki ölkə arasında bitkiçilik məhsullarının idxalı və ixracı zamanı pestisid qalıqlarına, çirkləndiricilərə operativ nəzarətin təşkili üzrə əməkdaşlıq, heyvan mənşəli qida məhsullarının istehsalında antibiotiklərdən istifadənin beynəlxalq tələblərə uyğun tənzimlənməsi, yerli məhsullara nəzarətin təşkili, qida məhsullarının utilizasiyası və ya təyinatının dəyişdirilməsi üçün hüquqi bazanın yaradılması, yoxlamalar zamanı tətbiq olunan sanitar norma və qaydalar barədə fikir mübadiləsi aparılıb. Sonda qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.