Fevralın 25-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın növbəti iclası keçirilib. Foodinfo.az-ın xəbərinə görə, iclasda əvvəlcə cari məsələlər müzakirə olunub. Cari məsələlərin müzakirəsində heyvan kəsimi və ət satışı fəaliyyəti, həmçinin bu məhsulların daşınması ilə bağlı məsələlər müzakirə edilib. İclasda balıq məhsulları ilə bağlı “soyuq qida zənciri”nin qorunmasının vacibliyindən danışılıb, bitki sağlamlığı və fitosanitar sertifikatların verilməsi proseduru ilə bağlı fikir mübadiləsi aparılıb. Qərara alınb ki, bu mövzu ilə bağlı İctimai Şuranın növbəti iclasına AQTA-nın İdxal və ixraca nəzarət şöbəsinin məsul əməkdaşı dəvət olunsun. İclasa qonaq qismində dəvət edilən AQTA-nın Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev son illərdə ölkəmizdə heyvan sağlamlığı və baytarlıq nəzarətinin təşkil olunması istiqamətində görülən işlər, həmçinin hazırda həyata keçirilən heyvanların identifikasiyası ilə bağlı görülən işlərlə bağlı məlumat verib, habelə Şura üzvlərini maraqlandıran sualları cavablandırıb. İclasda AQTA yanında İctimai Şuranın 2022-ci ilə dair fəaliyyət planı müzakirəyə çıxarılaraq qəbul edilib. Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycanın qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir. [gallery ids="44964,44965,44966"]