Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Foodinfo.az xəbər verir ki, Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozunda fəaliyyət göstərən, fiziki şəxs Axundzadə Rasim Elmar oğluna məxsus quş əti emalı müəssisəsində keçirilən yoxlama zamanı qida təhlükəsizliyi sahəsində sanitariya-epidemioloji qaydalara və normativlərə əməl olunmadığı müəyyən olunub. Belə ki, mexaniki üsulla hazırlanan toyuq farşının istehsalında “Omega” əmtəə nişanlı rəngləndirici xüsusiyyətə malik qida əlavəsindən (E124) istifadə edildiyi, məhsulların etiket məlumatlarında, qablaşdırılmasında və markalanmasında bir sıra nöqsanlar aşkar edilib. Həmçinin müəssisədə mexaniki avadanlıqların yuyulması prosesinin düzgün aparılmadığı və lazımi yuyucu-dezinfeksiyaedici vasitələrdən istifadə edilmədiyi məlum olub. Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub, ümumi çəkisi 375 kq toyuq farşı dövriyyədən çıxarılıb, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib. Araşdırmalar davam edir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.