“Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair Tələblər” baytarlıq aptekinin quruluşuna və avadanlıqlarla təchizatına dair əsas tələbləri müəyyənləşdirir.

Foodinfo.az xəbər verir ki, bu tələblər “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin müvafiq yarımbəndlərinə əsasən hazırlanıb. Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair Tələblər”də bildirilir. 

Qeyd edək ki, baytarlıq aptekinin quruluşuna dair tələblərə əsasən, baytarlıq apteki zirzəmi və yarımzirzəmi istisna olmaqla, fərdi inşa edilmiş ayrıca binada, yaxud ayrıca girişi olan qeyri-yaşayış sahəsində təşkil olunur. Baytarlıq aptekinin yerləşdiyi binanın fasadında aptekin adı, iş rejimi, əlaqə nömrəsi, həyata keçirilən fəaliyyət növü haqqında Azərbaycan dilində məlumat lövhəsi yerləşdirilməlidir. Həmçinin ümumi sahəsi 20 m2-dən az olmamalı və baytarlıq preparatlarının və vasitələrinin saxlanması və satıcı üçün şaquli şüşə ilə alıcılardan təcrid olunmuş xidmət (satış) bölmələrinə ayrılmalıdır. Baytarlıq aptekində otaqların və avadanlıqların təmizlənməsi, yuyulması və dezinfeksiyası işlərində istifadə olunan təmizləyici ləvazimatlar, zəruri yuyucu və dezenfeksiyaedici vasitələrin, həmçinin хüsusi geyimlərin və üst geyimlərinin, ayaqqabıların ayrıca saхlanması üçün ayrıca dolab olmalıdır. Eyni zamanda baytarlıq aptekində və anbarda aşağıdakı avadanlıqlar və cihazlar olmalıdır:

- termolabil preparatların saxlanması üçün soyuducular;

- baytarlıq preparatlarının həcm və çəkisini ölçmək üçün vasitələr (tərəzi, bölgülü silindr, stəkanlar və s.);

- temperatur və rütubət kimi vacib mikroiqlim parametrlərini ölçmək üçün cihazlar (termometr, hiqrometr, psixrometr və s.);

- sanitar-gigiyenik rejim, əməyin mühafizəsi və təhlükəsizliyi, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsini təmin edən digər ləvazimatlar.

 Baytarlıq aptekində avadanlıqlar, mebellər və digər ləvazimatlara dair tələblərə əsasən isə baytarlıq aptekində və anbarda döşəmə, tavan və divarlar hamar səthli və açıq rəngdə olmaqla, yuyucu və dezinfeksiyaedici maddələrin təsirinə davamlı olmalıdır. Əl-üz yuyan və digər santexnika avadanlıqlarının quraşdırıldığı yerlərdə divarlar rütubətə davamlı materiallarla örtülməlidir. Baytarlıq aptekində və anbarda asma tavanların istifadəsinə icazə verilir. Asma tavanlar asan təmizlənən və dezinfeksiya edilə bilən materialdan hazırlanmalıdır. Baytarlıq preparatları və vasitələrinin, o cümlədən heyvanlara qulluq əşyalarının saxlanılması və qorunmasını təmin etmək üçün baytarlıq aptekləri və anbarları avadanlıq, mebel və rəflərlə təmin olunmalıdır. Avadanlıqlar, mebellər və digər ləvazimatlar yuyucu və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materiallardan hazırlanmış gigiyenik örtüyə malik olmalıdır. Baytarlıq aptekində və anbarda baytarlıq preparatlarının saxlanması bölməsində narkоtik vasitələr, psiхоtrоp maddələr və onların prekursorları, güclü təsiredici baytarlıq preparatlarının saxlanılması üçün xüsusi ayrılmış yer, seyf və ya qıfıllı dəmir dolablar təşkil olunmalıdır. Təmirə ehtiyacı olan avadanlıq, mebel və qurğular dərhal dəyişdirilməli və ya təmir olunmalı, yararsız hala düşənlər isə istismardan çıxarılmalıdır.