Baytarlıq-sanitariya ekspertizası ət və ət məhsullarının dövlət baytarlıq müfəttişləri tərəfindən yoxlanılması, müayinəsi, onlara baxışın keçirilməsi və xüsusi müayinələrin aparılmasıdır.

Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilən “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda bildirilir. Sənədə əsasən, Azərbaycan Respublikası Nazirlət Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş ”Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması” Qaydalarına uyğun olaraq heyvan və quş cəmdəyinin və ya onun ayrı-ayrı hissələrinin baytarlıq-sanitariya ekspertizasından keçirilərək qida üçün, yaxud digər təyinatı üzrə yararlı olub-olmamasının baytarlıq mütəxəssisləri tərəfindən müxtəlif formalı (oval, düzbucaqlı və s.) baytarlıq damğası və ya ştampla işarələnməsi baytarlıq nişanlamasıdır. İnsanların qidalanması üçün yararlı olan ət (heyvan və quş əti), o cümlədən balıq, xərçəngkimilər və digər suda yaşayan onurğasızlar (dəniz məhsulları) və sub məhsullar isə ət və ət məhsullarıdır. 

Qeyd edək ki, “Ət satışı müəssisələrinin fəaliyyətinə dair baytarlıq-sanitariya normaları və qaydaları” ət və ət məhsullarının müəssisələr tərəfindən daşınması, qəbulu, saxlanması və satılması ilə bağlı fəaliyyətə, eləcə də ət və ət məhsullarının realizasiyası ilə məşğul olan bütün növ müəssisələrə şamil olunur.