Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən Bərdə rayonu, Dəymədağıldı kəndində fəaliyyət göstərən fiziki şəxs İsmayılov Mətləb Əli oğluna məxsus pendir sexində yoxlama keçirilib.
Foodinfo.az xəbər verir ki, baxış zamanı sexdə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, həmçinin müəssisədə sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi aşkarlanıb. Belə ki, müəssisədə mexaniki havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin müvafiq sahə ilə təchiz edilmədiyi, döşəmə və divar səthlərinin asan təmizlənə bilən və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, pəncərələrin toz və həşəratlara qarşı qoruyucu torla təmin olunmadığı və digər nöqsanlar məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi sahəsində mütəmadi olaraq tədbirlər həyata keçirir.